Türkmənistanda ibtidai siniflərdə dərs vaxtının azaldılması səbəbindən bədən tərbiyəsi, nəğmə, əmək təlimi və rəsmxətt dərsləri tədris proqramından çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Xronika Türkmənistan” məlumat yayıb.
Yuxarı siniflərdə türkmən dili dərsi proqramda nəzərdə tutulan altı saat əvəzinə dörd saat, rus dili üç saat əvəzinə iki, biologiya, tarix və coğrafiya iki saat əvəzinə bir saat keçirilir.
Qeyd olunur ki, pandemiya ilə əlaqədar bir çox ölkələrdə orta məktəblərdə tədris ixtisar olunmuş proqram üzrə keçirilir. Ancaq Türkmənistanda tədris saatlarının və fənlərin sayının azaldılması ilə bağlı rəsmi fərman verilmədiyi üçün müəllimlər jurnalları və iş dəftərlərini tədrisin əvvəlki dövründə olduğu kimi doldurmağa məcbur edilir.
Verilən qiymətlərin kəmiyyəti də əvvəlki saatlara və predmetlərə uyğun olmalıdır. Buna görə müəllimlər yalnız saxta məlumatlar göstərmək deyil, həm də uydurma qiymətlər vermək məcburiyyətində qalırlar.
Türkmənistanda məktəblərdə COVID-19-un qarşısının alınması üçün tədris müddəti azaldılıb. I siniflərdə dərslər 25 dəqiqə, II-IV siniflərdə 30 dəqiqə, V-XI siniflərdə 35 dəqiqə davam edir.