“Belarusda davam edən etirazlar Rusiyaya qarşı xarakter ala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü, siyasi analitik Vitali Rımaşevski deyib.
O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Brestdən Vladivostoka qədər tək bir vətən” açıqlamasını şərh edib:
“Lukaşenkonun bu açıqlamaları heç bir halda Belarusun Rusiyaya münasibətini dəyişdirmir, lakin Kremlin davranışları buna böyük təsir göstərə bilər”.
Rımaşevskinin fikrincə, Lukaşenko əleyhinə keçirilən aksiyalar getdikcə cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsinə səbəb olacaq: “O zaman bu nümayişlər yalnız demokratiya uğrunda mübarizə deyil, həm də bir anti-Rusiya xarakteri qazanacaq”.
Belarusda ikinci aydır kütləvi etirazlar davam edir. Aksiyaların iştirakçıları Lukaşenkonun istefasını, yeni seçkilərin keçirilməsini və nümayişçilərin vəhşicəsinə dağılımından məsul təhlükəsizlik işçilərinin cəzalandırılmasını tələb edirlər.