Rusiyanın “İzvestiya” qəzeti Azərbaycan ordusunun arsenalındakı Türkiyə istehsalı “Bayraktar TB2” Pilotsuz Uçan Aparatlarının Dağlıq Qarabağ səması üzərində tamamilə dominant olduğunu yazıb.
Teleqraf.com xəbər verir ki, nəşr Ermənistanın köhnə hərbi texnikalarla Azərbaycan ordusu qarşısında zəif durumda olduğuna diqqət çəkib.
“PUA-lar göydə üstünlük təşkil edir. Ermənistanın tankları PUA-lara qarşı zəifdir. Köhnə tip tanklar indi tarixə çevrilir”, - qəzetə açıqlamasında rus hərbi ekspert Aleksey Xlopov deyib.
Məqalədə sentyabr ayında Azərbaycan ordusunun “Bayraktar TB2”lərdən istifadə edərək Ermənistana məxsus 9 hava müdafiə sistemini məhv etdiyi də bildirilib.
Qəzet ayrıca “Defence Express” jurnalının son illərdə Suriya və Liviyada ən azı 23 Rusiya istehsalı olan “Pantsir-S1” raket sistemlərinin “Bayraktar” tərəfindən vurulduğu iddiasına diqqət çəkib.
“Moskovski Komsomolets” qəzetində yayımlanan bir analizdə isə vurğulanıb ki, Ermənistan hökumətinin türk dronlarının öz ölkəsinə qarşı istifadə edildiyi iddiası doğru deyil, bunlar yalnız Azərbaycan tərəfindən satın alınıb və azərbaycanlı mütəxəssislər tərəfindən istifadə olunur.