Oktyabrın 15-də AFR hökuməti öz iclasında 2014-cü ilin birinci yarımilliyində alman silahının və hərbi texnikasının satışı barədə aralıq hesabatı təsdiqləyərək Bundestaqa təqdim edib. Müvafiq hesabat ilk dəfə olaraq, dərc olunub. Əvvəllər belə məruzə yalnız ildə bir dəfə hazırlanırdı. Bu isə parlament üzvlərinin tənqidinə səbəb olurdu.
Teleqraf.com Almaniya KİV-ə istinadən xəbər verir ki, İqtisadiyyat naziri vəzifəsini tutan sosial-demokrat Ziqmar Qabriel vəziyyəti dəyişməyi – şəffaflığı, operativliyi yüksəltməyi və silah ixracına dair hökumət hesabatının mütəmadiliyini təmin etməyi qərara alıb. Eyni zamanda o, NATO-ya, Aİ-yə aidiyyəti olmayan ölkələrə və onlara bərabər tutulan ölkələrə silah satışına icazə verilməsi məsələsinə daha ciddi yanaşmağı vəd edib.
Kanslerin rəsmi nümayəndəsi Şteffen Zaybert mətbuat konfransında bildirib ki, 2014-cü ilin birinci yarımilliyində Almaniya hökuməti, ümumiyyətlə, 2,23 milyard avroluq silah ixracına icazə verib. O, əlavə edərək bildirib ki, özü də bütün silah ixracının 36,5 faizi Aİ, NATO ölkələrinin və onlara bərabər tutulan ölkələrin payına düşür. Bu, o deməkdir ki, qalan bütün silahlar, yəni ixrac olunan silahların təqribən üçdə iki hissəsi “üçüncü” ölkələrə satılıb.