23 Oktyabr 2020 11:22
15 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vladimir Putin sentyabrın 27-i Qarabağda hərbi əməliyyatlar başlayan gündən bəri ilk dəfə proseslər barədə konseptual çıxış etdi. Putinin bəyanatları Cənubi Qafqazda güc nisbətinin dəyişdiyinə, Rusiyanın da yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək, Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi”.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist qeyd edib ki, Rusiya prezidenti sadəcə region yox, dünya miqyasında geosiyasi proseslərə birbaşa müdaxilə edən, bəzi proseslərin məcrasını dəyişən, bəzilərinin isə qarşısını alan siyasətçi, dövlət başçısıdır:

“Putinin Qarabağ münaqişəsi ilə bağlı dediklərini heç bir halda Azərbaycana və ya Ermənistana dəstək qismində qəbul etmək olmaz. O, həmişəki kimi, eyhamlarla, qapalı messiclərlə danışıb və sözlərini ünvanlara çatdırmağı bacarıb.

Rusiyanın dövlət başçısının erməniləri dəstəkləməsi, hətta Ermənistana hərbi-siyasi və texniki-iqtisadi yardımlar göstərəcəyi ilə bağlı Ermənistan mediasında, habelə Rusiyada ermənilərin nəzarətindəki media resurslarında “Putin beləcə, Qarabağ münaqişəsinin kontekstini anladığını nümayiş etdirdi və Azərbaycana yerini göstərdi” tipli şərhlər yayılır. Ermənilər həmişə olduğu kimi, obyektlə subyekti qarışdırırlar, məsələnin kontekstini tam yanlış, daha doğrusu, başayaq təqdim edirlər”.

“Putin əslində nə dedi?” sualına Elçin Alıoğlunun cavabı belədir:

“Birinci, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərə Rusiya heç bir halda aşkar müdaxilə etməyəcək. Ermənistana dəstək təbii ki, olacaq. Çünki Rusiya Azərbaycanın Ermənistanı fəlakətli şəkildə məğlub etməsini istəmir. Məsələn, son günlər Dağlıq Qarabağdakı separatçılara və Qarabağdakı Ermənistan hərbi hissələrinə hava hədəfləri ilə mübarizə aparmaq üçün zenit-raket komplekslərinin “hədiyyə” olunduğu iddia edilir.

İkinci, Azərbaycan Ordusunun əməliyyatlarının qarabağlı ermənilər üçün fəlakətli sonuclarını görən Rusiya aktivləşmək niyyətində deyil. Qarabağlı ermənilər Putin üçün oyun kartıdır və o, asanlıqla “karabaxtsi”ləri Rusiyanın geosiyasi maraqlarına, habelə bölgədəki strateji hədəflərinə qurban verə bilər”.

Jurnalist qeyd edib ki, ATƏT-in Minsk Qrupunun mövcud formatını olduğu kimi saxlamağa çalışan Putin bu minvalla Türkiyənin aktivləşməsini qıcıqla qarşıladığını gizlətmir:

“O, 28 ildə Rusiyanın etmədiyini guya indi edəcəyini vəd edir. Gözləyək, görək. Amma istənilən halda Bakı müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, bölgədə strateji aktyor rolunu oynayan İran və Rusiya ilə münasibətlərini gərginləşdirməməyə çalışacaq. Tam əksinə, həmin münasibətlər daha da inkişaf etdirilməlidir. Digər yandan, Putinin ABŞ-a ünvanladığı çağırış və “ümid izharı” əslində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda ABŞ-ın indiyədək nümayiş etdirdiyi ətalətli mövqenin konstatasiyasıdır. Vaşinqton münaqişənin həllini istəsə də, çözüm variantlarını reallaşdıra bilməyib. İndi isə ABŞ-da prezident seçkiləri yaxınlaşdığından Kapitoli təpəsindəki siyasətçilərin başı ölkədaxili siyasi proseslərə qarışıb. Bu səbəbdən ABŞ-ın nizamlanma prosesindəki iştirakı nəzarət və vasitəçilik səviyyəsindən keçməyəcək.

Hesab edirəm ki, Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə bitməsi Rusiyanın maraqları baxımından dualistikadır. Belə ki, ərazilərimizdən son erməni işğalçı qovulandan sonra Rusiya aktiv davranarsa, İran və Türkiyənin pressinqini dezavuasiya edə bilər. Bunun üçün Moskva-Bakı əlaqələri strateji tərəfdaşlığın real təzahürü olmalıdır, Kreml Ermənistana reverenslarına son qoymalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər