7 Noyabr 2020 10:49
4 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vartan Sirmakesin qanunsuz əməlləri barədə ilk növbədə onun vətəndaşı olduğu ölkənin hüquq-mühafizə orqanları məlumatlandırılmalı, ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakes işğal altında olan Qarabağda Azərbaycanın sərvətləri hesabına var-dövlətini xeyli artırıb:

“Onun separatçı rejimlə sövdələşmə nəticəsində maliyyə investoru kimi adı hallanan obyektlərin siyahısı belədir:

Zəngilan rayonu Vejnəli kəndində qanunsuz istismarda olan əlvan metal mədəni (ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis);

Kəlbəcər və Laçın ərazisində qanunsuz tikilən SES-lər;

Kəlbəcər rayonunda qanunsuz istismarda olan yataqlar (sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və qızıl ehtiyatlar 13 tondan çox olan Ağduzdağ və Tutxun);

Ağdərə rayonunda ildə 40-50 ton qara kürü ixrac etmək sevdası ilə “Golden Fish” şirkəti tərəfindən tikilmiş balıq fabriki”.

Qubad İbadoğlu qeyd edib ki, Vartan Sirmakesin baş direktor olduğu “Franck Muller Group” işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3% -ə, “Armswissbank” Armenia QSC-nin səhmlərin 20% -ə, 1200-dən çox səhmdarı, 10,6 milyard dram nizamnamə kapitalı olan “ArtsaxKHEK” ASC-nin 52,1 % -ə sahib olub:

“Hesab edirəm ki, Vartanın qanunsuz əməlləri barədə ilk növbədə onun vətəndaşı olduğu ölkənin hüquq-mühafizə orqanları məlumatlandırılmalı, ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılmalıdır. Sadəcə məhkəmə iddiasından öncə onun Azərbaycana vurduğu ziyanın məbləği müəyyənləşdirilməli və kompensasiya tələb edilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu