24 Noyabr 2020 14:58
2 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf ki, bölgəmizdəki münaqişələr sakitləşmir. Bunun son nümunəsi indiyədək “dondurulmuş” olaraq xarakterizə edilən Dağlıq Qarabağ münaqişəsinin alovlanması oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hər şeydən əvvəl mərhum prezident Heydər Əliyevin dediyi kimi, biz Azərbaycanla iki dövlət, bir millətik. Atatürkün vurğuladığı kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyənin Can Azərbaycana verilən dəstəyin arxasında yalnız bu yanaşma dayanmır, Azərbaycanın beynəlxalq hüquqa görə də haqlıdır və 30 il işğal olunmuş ərazilərinə görə zərər çəkmiş tərəfdir. Bu səbəbdən ölkəmizin, demək olar ki, 30 il torpaqları işğal altında olan Azərbaycanın yanında olması təbiidir. Münaqişənin əvvəlindən Türkiyə sıx şəkildə diplomatik bir kampaniya başlatdı. Keçirdiyimiz görüşlərdə Ermənistanın PKK/PYD/YPG terrorçularını Dağlıq Qarabağda yerləşdirdiyini, bütün dünyadakı ermənilərə savaşa təhrik etdiyini, mülki insanları hədəf aldığını göz önünə sərdik”, - nazir bildirib.

Çavuşoğlu ATƏT-in Minsk Qrupunun 30 illik dövrdəki ətaləti qarşısında Azərbaycanın haqlı davasını beynəlxalq səviyyədə müdafiə etmək üçün Türkiyənin hərəkətə keçdiyini, başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, özünün və rəhbərlik etdiyi qurumun keçirdiyi görüşlərdə həmsöhbətlərinə həqiqətləri çatdırdığını deyib.

Nazir Ermənistanın “Diplomatik həll yolu yoxdur” açıqlamasını da xatırladıb: “Nəticə etibarilə, Azərbaycan güclü liderliyi və qəhrəman ordusu ilə 30 illik status-kvonu dəyişdirməyi bacardı”.

Çavuşoğlu Azərbaycanın qəbul edəcəyi hər nəticənin Türkiyənin də qəbul edəcəyini söylədiklərini, noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı ilə atəşkəs rejiminin elan edildiyini xatırladıb.

Çavuşoğlu bu anlaşmanın Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandığını Bakıda şəxsən şahidi olduğunu bildirib:

“Azərbaycanın qəbul etdiyi razılaşmanı həm də daimi həll yoluna gətirə biləcək elementləri ehtiva etdiyinə görə dəstəkləyirik. Hər şeydən əvvəl, Azərbaycanın haqlılığı və ərazi bütövlüyü bu razılaşma ilə təsdiqləndi. İkincisi, Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini geri alır. Üçüncüsü, işğal olunmuş Azərbaycan ərazilərindən didərgin düşən qardaşlarımız öz evlərinə qayıda biləcəklər, dördüncüsü, Naxçıvanla Azərbaycan arasında əlaqələr yaradılacaq.

Bu səbəbdən 5-ci maddədə qeyd olunan Birgə Mərkəzin yaradılması üçün Rusiya ilə 11 noyabr tarixində ayrıca bir anlaşma memorandumu imzaladıq, razılaşmanın orta və uzun müddətdə bütün bölgəyə və bu çərçivədə Ermənistana fayda verəcəyinə inanırıq. Sülh və sabitlikdən hər kəsin qazanmasını istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər