Liviyadakı qanuni hökuməti hədəf alan qiyamçı general Xəlifə Haftarın sərvəti heyrət doğurur. Qəddafini devirə bilmədikdə ABŞ-a qaçan Haftar 20 ildə milyonlarla dollarlıq sərvət əldə edib. Haftar “Liviya xalqını xilas etmək üçün mübarizə apardığını” iddia etdiyi dövrdə 700 min dollara at ferması alıb.
Teleqraf.com xəbər verir ki, 1980-ci illərdə Liviyanın mərhum lideri Qəddafini devirmək səylərinə rəhbərlik edən Haftar uğursuz olduqda ABŞ-a qaçıb.
20 il burada yaşayan Haftarın ABŞ-da milyonlarla dollarlıq sərvət əldə etdiyi ortaya çıxıb. Ölkənin şərqindəki qanuni olmayan silahlı qüvvələrlə legitim Milli Konsensus Hökumətinə qarşı döyüşən Haftar ABŞ-da Virciniyada Liviyadan qaçaq yollarla gətirdiyi pulla 17 mülk alıb.
Qreyt Fallsda 2.5 milyon dollar dəyərində bir ev, Falls Çörçdə bir mənzil və bir ferma sahibi olan Haftar bunlardan biri üçün 8 milyon dollar nağd ödəyib.
2020-ci ilin iyul ayında Boysda 700 min dollara at ferması alan Haftarın burada yetişdirdiyi ərəb atlarını Fransa və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) beynəlxalq yarışlarda istifadə etdiyi müəyyən olunub.