Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Türkiyəyə qarşı sanksiyanın qəbul edilməsinə nail ola bilməyən Yunanıstan ittifaq liderlərini hədəf alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haber 7” saytı məlumat verib.
Aİ-nin rədd cavabından sonra açıqlama verən Yunanıstan Baş naziri Kiryakos Miçotakis Türkiyəyə sanksiya məsələsini gündəmdə saxlamağa davam edəcəklərini bildirib. İttifaq dövlətlərindən yekdilliklə rədd cavabı alan və məğlubiyyəti həzm edə bilməyən baş nazir Aİ-nin hələ də Yunanıstan və Yunan Kiprini dəstəklədiyini iddia edib.
Yunanıstanın “Ta Nea” qəzeti yazır ki, rəsmi Afina sanksiya səylərinin nəticə verməyəcəyini əvvəlcədən bildiyi halda, Türkiyəyə embarqo məsələsində israr edərək, özünü çıxılmaz dalana dirəyib:
“Sanksiyalar qəbul edilsə belə, Türkiyəni öz mövqeyindən geri çəkmək mümkün olmayacaqdı. Üstəgəl, bu sanksiyalar uzunmüddətli olmayacaqdı. Aİ üzvlərinin əksəriyyətinin öz maraqları var və bu səbəbdən Türkiyəyə verdikləri əhəmiyyət uzunmüddətli sanksiyaların qəbul edilməsinə mane olur. Yumşaq sanksiyaların isə nəticəsi olmayacaqdı və bu, Aİ-nin nüfuzuna zərbə vuracaqdı. Türkiyə də bunları yaxşı bilir”.
Ən ilginc iddia isə yenə də yunan nəşri “Kathimerini”dən gəlib. Qəzetin iddiasına görə, Türkiyəyə sanksiya məsələsinin gündəmdən çıxarılmasının təşəbbüskarı Almaniya Kansleri Angela Merkel olub. Mənbə bu məsələdə Fransa Prezidenti Emmanuel Makronu Merkelin yola gətirdiyini iddia edib:
“Berlin-Roma-Madrid bloku Türkiyəyə sanksiya qərarına etiraz etdi. Paris də israrlı görünmədi. Fransa Prezidenti Makron Almaniya Kansleri Merkelin Aİ-nin gərginliyi daha da artıracağı halda, Türkiyənin Moskva və Çinə daha da yaxınlaşacağı narahatlığına anlayış göstərdi və Merkelin arqumenti ilə razılaşdı. Buna cavab olaraq, Merkel Makronun İngiltərə ilə bağlı yanaşmasına dəstək verdi”.
“Elefteros Tipos”qəzeti isə Türkiyə ilə əlaqələri qoparmaq istəməyən və Yunanıstanın təklifini rədd edən Avropa İttifaqını “satqınlıqda” ittiham edib.