Ərdəbil şəhərinin İran parlamentindəki deputatı Nəsir Nəsiri Xarici işlər naziri Məhəmməd Cavad Zərifə məktub yazaraq, onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda oxuduğu şeirə verdiyi reaksiyanı tənqid edib.
Teleqraf.com xəbər verir ki, Nəsiri məktubunda İranın rəsmi şəxsləri ilə ölkədəki radikalların Ərdoğana eyni münasibəti sərgilədiklərini bildirib.
“Ermənistan və Azərbaycan arasındakı savaşın nəticələrindən narahat olan radikallar da məsələyə müdaxilə edirlər. Sizin bu radikallarla bir sırada durmağınız, bir siyasətiçiyə yönəlik tənqidləriniz qəbuledilməzdir”, - deputat qeyd edib.
Zərifin sosial şəbəkələrdə Prezident Ərdoğanı hədəfə alan paylaşımlarına etiraz edən Nəsiri deyib:
“İlk növbədə Ərdoğanın şeir oxumaqla yanlış etdiyi qənaətinə necə gəldiniz? Siz bu oxunan şeirdən nə anlayırsınız? Sizə bu şeiri və mövzusunu kim izah etdi? Sizin mazandaranlı səfiriniz türk dilində bilmir”.
Ərdoğanın oxuduğu şeirdəki zalımın ruslar olduğunu qeyd edən Nəsiri vurğulayıb: “Zorla ayırma kim və kimlər tərəfindən həyata keçirildi? Bu hekayədəki zalım və zorba ruslar deyilmi? Onların yandırdığı alovun və silahların təsiri hələ də iranlı ailələrdə qalır”.
Nəsiri baş verənlərin iranlı rəsmilərə aidiyyətinin olmadığını söyləyib: “Cənab Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin qonağı idi. Əliyev Ərdoğanı çox isti qarşıladı. Əgər qonaq ev sahibinin suverenliyinin əleyhinə danışıbsa, bundan sizə nə? Hörmətli, Zərif! Paylaşımınız başdan ayağa Türkiyə, Azərbaycan və İran azərbaycanlılarına təhqirdir”.