“Birgə Mərkəzin yeri müəyyənləşdirilib, Ağdamda olacaq, inşaat işləri davam edir, generalımız və digər heyətimiz hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
Nazir Ermənistan və Azərbaycan arasında atəşkəsin elan edilməsindən sonrakı duruma diqqət çəkib:
“Bir milyon insan məcbur köçkün düşdü, 20 min şəhidlə bu günə gəlib çatdılar. Bu məsələləri kim həll edəcəkdi? ABŞ, Fransa, Rusiya, BMT, Minsk Qrupu 30 ildir heç bir şey etməyib. Burada əməkdaşlıqda, məsləhətləşmələrdə böyük bir qardaşlıq və dəstək nümunəsi göstərdik və işğal altında olan torpaqlar azad edildi. Şuşanın azad edildiyi 8 noyabr tarixini Zəfər Gününü elan olundu.
30 ildən sonra torpaqların işğaldan azad edilməsi bir yana, buna həm də Azərbaycan türkü ilə Türkiyənin bir-birinə qovuşması, oyanış hərəkatı demək olar. Ərdoğan və Əliyevin rəhbərliyi altında daha əhatəli bir əməkdaşlığın təməli atılıb”.
Hulusi Akar Rusiya-Türkiyə Birgə Mərkəzi haqda da danışıb:
“Birgə Mərkəzin yeri müəyyənləşdirilib, Ağdamda olacaq. İnşaat işləri davam edir. Generalımız və digər heyətimiz hazırdır. Partlayıcı mütəxəssislərimizi də ora göndərdik. Ümumilikdə 100 nəfər oradadır. Həm təlim verirlər, həm də ərazilərin minalardan təmizlənməsində iştirak edəcəklər. İki mina axtarış qrupu (Ömat) var.
Atəşkəsə böyük ölçüdə riayət edilir, ruslar buna diqqətlə yanaşırlar. Bir qrup atəşkəsi pozmağa cəhd etdi, azərbaycanlı qardaşlarımız lazımi cavabı verdilər. Orada atəşkəsə riayət olunur. Görülən işləri və gəlişmələri izləyirik. Təlim sahəsində əməkdaşlığımız daha əhatəli olacaq. Türkiyədə təlim görmüş minlərlə azərbaycanlı zabit var. Müdafiə sənayesində əməkdaşlığımız vacibdir”.
Nazir türk silahlı qüvvələrinin bölgədə yerləşdirilməsinə ruslar və ermənilərin etirazlarına da toxunub:
“Ermənilər Qarabağın bir qismində qalırlar. Ruslar atəşkəsi qorumaq üçün bölgədə yerləşdilər. Kimsə türk əsgərinin orada olmasını istəməyə bilər, amma bu, Azərbaycan və Türkiyə arasında həll olunan məsələdir. Türk əsgəri ermənilərin olduğu yerdə olmasın, problem yaranar deyə rusların iddiaları var.
Biz Azərbaycanla danışacağıq. Məsələ Türkiyə və Azərbaycan arasında həll ediləcək, bunu bir yoluna qoyacağıq”.