Müxalifətdə olan Səadət Partiyası ilə danışıqlara başlayan hakim Ədalət və İnkişaf Partiyası (AKP) “Cümhur İttifaqı”nı genişləndirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hüriyyət” qəzeti məlumat yayıb.
Məlumatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səadət Partiyasının ittifaqda görmək istəyinə diqqət çəkilib.
Qeyd edilib ki, “Cümhur İttifaqı”nda iştirak hazırda CHP və HDP ilə eyni tərəfdə olan Səadət Partiyası üçün bir fürsətdir: “Səadət Partiyasının müxalifət qanadı təklifə obyektiv yanaşsa, siyasi səhnədə başqa bir mənzərə ortaya çıxa bilər”.
“AKP partiyanın önəmli simalarından Oğuzhan Asiltürklə görüşə böyük əhəmiyyət verirlər. Prezident Ərdoğanın qarşıdakı dövrdə Rəcai Kutana baş çəkib-çəkməyəcəyi hələ dəqiq deyil. Ancaq məsələyə Səadət Partiyası nöqteyi-nəzərindən baxmaq lazımdır. Səadət Partiyasında bu yaxınlaşmaya müsbət baxanların sayı kifayət qədərdir”, - məlumatda qeyd edilib.