İran səhiyyə naziri Səid Nəməki koronavirusun mutasiyaya uğramış növünün demək olar ki, bütün ölkəyə yayıldığını bildirib, vətəndaşları tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nəməki ölkədəki pandemiya vəziyyəti ilə bağlı açıqlama verib.
COVID-19-la mübarizədə çətin günlərin onları gözlədiyini söyləyən nazir Tehranda 71 yaşlı bir qadının, Qəzvində isə 48 yaşlı bir kişinin mutasiya səbəbiylə öldüyünü bildirib:
“Hadisələr mutasiyaya uğramış virusun az qala bütün ölkəyə yayıldığını sübut edir. Bu virusun hər şəhərdə, hər kənddə və hər ailədə ortaya çıxa biləcəyini düşünməliyik. Bu, ciddi təhlükə barədə siqnallarından biridir”.
Səhiyyə naziri cəmiyyəti COVID-19-la mübarizədə görülən tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb.
İranda mutasiyaya uğramış və daha sürətli yayılan yeni COVID-19 növünün ilk dəfə yanvarın 5-də göründüyü açıqlanıb.