Güney azərbaycanlı milli-mədəni fəal Yaşar Piriyə İran həbsxanasında verilən işgəncə Türkiyə mediasında işıqlandırılıb.
Teleqraf.com xəbər verir ki, “Yeni Şafak”, ”Timütürk” və ”Anadolu” kimi nüfuzlu media qurumları fəala verilən işgəncəyə geniş yer ayırıb.
Yaşar Piri fevralın 21-də İranın təhlükəsizlik strukturları tərəfindən saxlanılıb. Üç gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılan fəal ayın 26-da Təbriz şəhərinin İmam Rza xəstəxanasına yerləşdirilib.
Məlumata görə, Yaşar Piri İran hərbi kəşfiyyatının bölməsində işgəncələrə məruz qalaraq, ciddi bədən xəsarəti alıb.
Fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər bibər qazı nəticəsində onun nəfəs borularında problemlər yarandığını, aldığı zərbələrdən böyrəklərinin zədələndiyini deyiblər.