18 Mart 2021 15:33
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba İran hakimiyyətini keçən ilin yanvarında Tehran yaxınlığında “Boinq 737” sərnişin təyyarəsinin qəzaya uğramasının əsl səbəblərini gizlətmək cəhdində ittiham edib.

Teleqraf.com xəbər verir ki, nazir qəzanın texniki istintaqı ilə bağlı yayımlanan hesabatı belə bir cəhd adlandırıb.

“İstintaqın qərəzli və aldadıcı olduğunu bildirməyə məcburuq”, - Kuleba qeyd edib.

Onun sözlərinə görə, hesabat faciənin köklərini və buna səbəb olan hərəkət zəncirini açıqlamır: “Bu, hesabat deyil, bu, manipulyasiya yığınıdır, məqsəd həqiqəti tapmaq deyil, İran İslam Respublikasına haqq qazandırmaqdır”.

Kuleba Ukraynanın beynəlxalq tərəfdaşları ilə birlikdə Tehranın həqiqəti gizlətməsinə və qəza üçün məsuliyyətdən yayınmasına imkan verməyəcəyinə əminliyini ifadə edib: “Nə qədər səy və vaxt tələb olunsa da, ədalət qalib gələcək. Bu, yalnız prinsip məsələsi deyil, həm də dəhşətli faciənin qurbanları qarşısında mənəvi borcdur”.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq 737” təyyarəsi ötən il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. Qəzada İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da daxil olmaqla 176 nəfər ölüb.

İranın yayımladığı hesabatda qəzada günahkarın hava hücumundan müdafiə sisteminin operatorunun olduğu deyilib. İranın iddiasına görə, təyyarə yanlışlıqla “düşmən hədəfi” kimi təsbit edilib, bundan sonra ona iki raket atılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər