Prezident Vladimir Putin Rusiya Qvardiyasının (Rosqvardiya) rəhbərliyində dəyişikliklə bağlı fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Teleqram kanalında məlumat verib.
Fərmana əsasən, Milli Qvardiyanın komandanının müavini, general-leytenant Yuri Babkin, hüquq idarəsinin rəisi general-mayor Aleksandr Şkolnikov və qvardiyanın Şimali Osetiya üzrə xidmətinin rəisi polkovnik Elbrus Ramonov vəzifəsindən azad edilib.
Eləcə də sözügedən fərmanla əvvəllər Milli Qvardiyanın əsas rabitə idarəsinə rəhbərlik etmiş general-leytenant Aleksey Belyakov, kadrlarla iş üzrə baş idarənin keçmiş rəhbəri, general-leytenant Nikolay Ryabçikov, maliyyə-iqtisadi idarənin keçmiş rəisi, general-leytenant Vyaçeslav Savkin və Rusiya Milli Qvardiya Qoşunlarının Perm Hərbi İnstitutunun rəhbəri general-mayor Vladimir Kupavski də ordu sıralarından xaric edilib.
Siyahıda göstərilən generalların vəzifələrindən öz istəkləri ilə getdikləri iddia olunub.
Rusiya mediasının iddiasına görə, generalların əksəriyyəti barəsində hərbi komandanlıq tərəfindən aparılan gözlənilməz yoxlamalar nəticəsində vəzifələrindən uzaqlaşdırılmasına qərar verilib.
Həmin şəxslərin hazırda fırıldaqçılıq ittihamı ilə həbsdə olan milli qvardiya komandanının keçmiş müavini, general-leytenant Sergey Mileyko ilə əlaqəli olduğu da deyilib.
Moskva Hərbi Məhkəməsi ötən il dekabrın 18-də yarım milyard rubldan çox fırıldaqçılıqda ittiham olunan Mileykonu həbs edib.