İran Vyanada keçirilən nüvə danışıqlarının perspektivlərini nəzərdən keçirəcək və ekspertlər səviyyəsində təşkil olunan görüşlərin nəticələrini qiymətləndirərək, danışıqların davam etdirilməsi və belə olacağı halda necə davam etdiriləcəyi barədə qərar veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu İran nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Abbas Ərakçı danışıqların nəticələri barədə açıqlamasında söyləyib.
Qeyd edək ki, A.Ərakçı hələ ötən həftə rəsmi Tehranın sonsuz danışıqların aparılmasında maraqlı olmadığını ifadə edib. Həmçinin bildirib ki, İran nümayəndə heyəti konkret nəticələr gözlənilmədiyi təqdirdə, danışıqları dayandıra və Vyananı tərk edə bilər.
Xatırladaq ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə birgə komissiya uzun fasilədən sonra aprelin 6-da yenidən iclas keçirib. İranla birbaşa danışıqlarda ABŞ istisna olmaqla, komissiyanın digər üzv dövlətlərinin (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) nümayəndələri iştirak ediblər. Ekspertlər səviyyəsində keçirilən danışıqlara aprelin 17-də yekun vurulub.
Çinin nümayəndə heyətindən “Reuters“ə verilən açıqlamada bildirilib ki, İranla nüvə danışıqları yaxın gələcəkdə davam etdiriləcək. Komissiyaya üzv dövlətlər qarşıda duran məsələlər üzərində işi sürətləndirmək barədə ortaq qərar qəbul ediblər.