“Hazırda Rusiya və Polşa arasında münasibətlər İkinci Dünya Müharibəsindən bəri ən pis münasibətlərdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev deyib.
Diplomat qeyd edib ki, Polşa məqsədyönlü şəkildə ikitərəfli əlaqələri və əməkdaşlığı məhv etmək istiqamətində addımlar atır:
“Moskvanın bundan məyus olduğunu, amma bunun üçün narahat olmayacağımızı demişəm”.
Andreyev ölkələr arasında qırılma nöqtəsinin 2014-cü ildə yarandığını söyləyib: “Bunun əsas səbəbi tez-tez açıq şəkildə Varşavadan verilən düşməncəsinə, təhqiramiz və anti-Rusiya bəyanatlarıdır”.
Qeyd edək ki, bundan əvvəl Polşa müdafiə naziri Mariuş Blaşak Rusiyanı imperiyanı diriltmək istəyində ittiham edib. Nazir Rusiyanın bu məqsədlə qonşu ölkələrin ərazilərinə göz dikdiyini bildirib.
Rəsmi Varşava aprelin 15-də 3 rusiyalı diplomatı diplomatik status şərtlərini pozduğuna və zərərli fəaliyyət göstərdiklərinə görə ölkədən qovub. Polşa hakimiyyəti ABŞ-ın Rusiyaya qarşı son sanksiyalarını da dəstəkləyib.
Moskva Polşa səfirliyinin beş əməkdaşını “persona non qrata” elan edib.