7 May 11:08
981

“Lavrovun Ermənistan səfəri Moskvanın daha çox 44 günlük Vətən Müharibəsinin nəticələrini İrəvan üçün yumşaltmaq, ermənilər üçün manevr imkanları yaratmaqda israrlı olduğunu nümayiş etdirdi”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, Moskva bunun müqabilində Ermənistanda zədə almış reputasiyasını və bu ölkənin daxili siyasətində həlledici təsirini bərpa etməyə, hərbi iştirakının əsaslarını gücləndirməyə çalışır:

“Moskva üçün son iki amil çox mühümdür. Ermənistanda Saakaşvili Gürcüstanının siyasətinin bu və ya digər formada təkrarlanması Rusiya üçün real təhlükədir, hələ də bunun üçün real imkanlar var. Ruslar tədricən bu imkanları azaltmağa, ABŞ-ın təsirini zəiflətməyə çalışırlar. Ruslar bu məqsədlə müxtəlif alətlərdən istifadə edirlər, ən başlıcası isə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr sazişinin müddəalarının şərhi və yozumudur.

Moskva ermənilər üçün öz maraqlarını irəli sürməkdə imkanlar yaradır, yaxud ikibaşlı şərhləri ilə ermənilərdə sazişin ziddinə tələblər səsləndirməkdə motivasiya təqim edir. Hazırda əsas taktiki vəzifə 20 iyun parlament seçkilərində ən azı parlamentdə hökumət qərarlarına legitim təsir edəcək Rusiya fraksiyasının yaranmasına nail olmaqdır. Gürcüstanda da belə başladılar və sonda bacardılar.

Ruslar, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin nəticələrinindən bəhrələnmək və bölgədəki vəziyyəti bunu uyğun dizayn etmək imkanlarını məhdudlaşdırmağa çalışırlar. Məhz buna görə Minsk qrupunu yenidən aktivləşdirməyə maraq göstərirlər. 10 noyabr sazişinin tam şəkildə həyata keçirilməsinə mane olurlar, kommunikasiyaların açılmasında əlavə şərtlər irəli sürürlər, bunun ətrafında sövdələşmə açmağa niyyətlidirlər. Görünən budur ki, Azərbaycan yaxın perspektivdə rusların bu mövqeyi ilə üz-üzə qalmalı olacaq”.

Zaur İbrahimli qeyd edib ki, Bakı Türkiyə ilə birgə hərəkət etməklə Moskvanı müəyyən çərçivədə qalmasına nail ola bilir: “İndiki məqamda bu özü də az naliyyət deyil. Daha irəli getmək üçün daha geniş ittifaqlara ehtiyac olacaq. Türkiyə ilə birlikdə qətiyyətini qorumaqla, kommunikasiyaları açmaqla Bakı yeni ittifaqlar üçün imkanlar əldə edə bilər. Ermənistanda seçkilərin nəticələrindən asılı olaraq Moskvanın təsirini azaltmaq üçün yeni fürsətlərin yaranması mümkündür.

Azərbaycan üçün yaxın perspektivdə Qarabağ bölgəmizdə yaşayan ermənilər üçün nə təklif edəcəyimiz də əhəmiyyətlidir. Şübhəsiz ki, “qırmızı xətt”imiz suverenliyimiz, ərazi bütövlüyümüzdür.

Bu iki təməl şərti gözləməklə müxtəlif dinc birgəyaşayış modelləri nəzərdən keçirilməlidir. Bu məsələdə təşəbbüskar olmalıyıq və suverenliyimiz, ərazi bütövlüyümüzün qəbul edilməsi şərti ilə öz strateji yanaşmamızı, təkliflərimizi masaya qoymalıyıq. Biz etməsək, başqaları təşəbbüsü ələ alacaq.

Necə ki, Şuşanı əlbəyaxa döyüşdə azad etdik, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyıq. Əsas üstünlüyümüz qətiyyətimiz, döyüş ruhumuz, haqlı tərəf olmağımız, ittifaqlarımızdır. Təcrübə də göstərdi ki, kənar güclərin iş bərkə düşəndə “İsgəndəri” köməyə çağırması da istənilən nətəcəni vermir”.


Müəllif: Mənsur Rəğbətoğlu