NATO Baş katibi Yens Stoltenberq Moskvaya hərbi alyansın yaxın günlərdə Cenevrədə baş tutacaq sammiti çərçivəsində Rusiya-NATO Şurası toplantısının keçirilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.
O, bu formatda olan görüşlərin 19 aydır keçirilmədiyini vurğulayıb:
“NATO və Rusiyanın ortaq maraqlarına cavab verən bir çox müzakirə mövzusu var”.
Baş katibin sözlərinə görə, ittifaq Rusiya tərəfinə bir ildən çox əvvəl belə bir görüş təklif etsə də, hələ də müsbət cavab almayıb.
Stoltenberq NATO-nun Moskva ilə müzakirə etməyi planlaşdırdığı əsas mövzulardan da danışıb. Bunlar arasında anlaşılmazlıqların və ehtimal olunan qarşıdurmanın qarşısını almaq üçün hərbi manevrlərin müzakirəsi və tərəflərin hərbi fəaliyyətində lazımi şəffaflığın artırılması mövzuları var.
“Hazırda NATO və Rusiya arasındakı münasibətlər “soyuq müharibə” bitdikdən sonra ən aşağı səviyyəyə çatıb”, - Stoltenberq deyib.