Sabah İranda keçiriləcək prezident seçkiləri mühafizəkarların qələbəsi ilə yekunlaşacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincı, əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilərdə və ondan sonra ciddi siyasi gündəm olmayacaq: “Çünki artıq seçkilərin favoriti bəllidir: o, mühafizəkarların lideri İbrahim Rəisidir. Onun qalib olacağını indidən demək olar. İslahataçıların güclü namizədi seçkilərə buraxılmadı, bununla da prosesə nəzarəti ələ aldılar. Bu da İranda sistemdaxili demokratiyanın olmadığını göstərir. Halbuki İran bu illərə qədər keçirdiyi bütün seçkiləri “demokratik” adlandırırdı.
İslahatçıların mövqelərinə vurulan zərbə İran cəmiyyətində bu seçkilərə marağı azaltdı. Qənaətimə görə, islahlatçıların namizədi seçkilərə qatılsaydı, qalib gələcəkdi. Çünki ABŞ İranla yeni nüvə anlaşması imzalamağa maraq göstərir, bu yöndə ciddi müzakirələr gedirdi, bu aspektdən də, sanksiyaların ləğvi gündəmdə idi. Bu danışıqları da islahatçı qanad başlamışdı.
Amma İbrahim Rəisinin prezident seçilməsi ABŞ-la danışıqlara zərbə vurmayacaq, nüvə danışıqları davam edəcək. Çünki İran da sanksiyaların götürülməsində maraqlıdır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, İbrahim Rəisinin seçilməsi İran daxilində siyasi repressiyaları gücləndirəcək, insan haqları sahəsində kobud pozulmalar baş verəcək:
“Bundan əlavə, İranda azərbaycanlıların və digər xalqların hüquqları tanınmayacaq. Ötən gün İbrahim Rəisi Təbrizdə çıxış edərkən, azərbaycanlılara imtiyazlar tanıyacağını dedi. Bu bölgənin inkişaf etdirəcəyinə söz verdi. Təbii ki, bu vəd seçkiöncəsi səslərin qazanmasına hesablanıb. Təbii ki, Rəisi seçiləndən sonra ilk siyasi repressiyalara Təbrizdən - azərbaycanlılardan başlayacaq. Çünki azərbaycanlılar bu bölgənin inkişf etdirilməsini və milli haqlarını tələb edirlər.
İbarhim Rəisi də uzun illər məhkəmə hakimi və baş prokuror kimi, məhz bu istiqamətlərdə “cəza aparatı” funksiyasını yerinə yetirib. İndi mövcud dini-siyasi rejim məhz bu adamın hakimiyyətə gəlməsində maraqlıdır”.
İranın Azərbaycanla əlaqlərinə gəldikdə, ekspert hesab edir ki, Türkiyə və Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsi Tehranın əl-qolunu bağlayacaq: “İran çalışacaq ki, Azərbaycanla əlaqələri qoruyub saxlasın”.