Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin persona non qrata elan edilməsinə cavab olaraq bir rus diplomatının ölkədən çıxarılacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Estoniya XİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aari Lemmik bildirib.
Lemmikin sözlərinə görə, beynəlxalq münasibətlər praktikasında adətən bir diplomatın qovulmasına simmetrik cavab verilir.
Bundan əvvəl isə Rusiya XİN-in sözçüsü Maria Zaxarova Mart Lyattenin 48 saat içində Rusiyanı tərk edəcəyini söyləyib.
Xatırladaq ki, çərşənbə axşamı Rusiya FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Lyatteni bir rus vətəndaşından gizli xarakterli materiallar alarkən saxlanıldığı ilə bağlı məlumat yayıb.
Məlumata görə, estoniyalı diplomat FTB əməkdaşları tərəfindən cinayət başında yaxalanıb: “Konsulun bu fəaliyyəti diplomatik işçi statusu ilə uyğun gəlmir və Rusiya Federasiyasına qarşı açıq düşmən xarakteri daşıyır. Xarici diplomatla bağlı beynəlxalq hüquq normalarına uyğun tədbirlər tətbiq ediləcək”.
Estoniya XİN isə öz növbəsində konsulun tutulmasını ölkəyə qarşı təxribat hesab edib.