Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistan gəncliyini cəmiyyətdə demokratik prinsiplərin və təcrübələrin təbliğinə cəlb etmək üçün 5 milyon dollar ayırmağa hazırdır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə USAİD-in qrant təsvirində qeyd edilib.
Erməni müxalifət mediası sənədə əsasən qeyd edir ki, son bir neçə il ərzində erməni gəncləri ölkənin siyasi həyatı da daxil olmaqla, bir sıra sahələrdə kifayət qədər fəal iştirak edirlər. Xüsusilə, qeyd edilir ki, bu cür iştirak respublikada Nikol Paşinyanın (hazırda Ermənistan Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edir) 2018-ci ildə ölkənin baş naziri olduğu zaman respublikada baş verən “məxməri inqilab” zamanı xüsusilə qabarıq şəkildə özünü büruzə verib.
Amerikalı mütəxəssislərin fikrincə, ölkədə fikirlərini və ya narazılıqlarını ifadə edə biləcəkləri qurumların işi barədə ictimaiyyəti məlumatlandırmaq ehtiyacı yaranıb. Beləliklə, USAID yeni təşəbbüsü barədə danışarkən, Ermənistan gəncliyini “dövlət siyasətinə təsir göstərmək və hökuməti cavabdeh etmək üçün kollektiv hərəkətlərə cəlb etmək” məqsədi daşıdığını qeyd edib.
“Tədbirin məqsədi gəncləri (10 ilə 29 yaş arası) Ermənistan cəmiyyətində demokratik prinsiplərin və təcrübələrin təbliğinə cəlb etməkdir: birincisi, formal təhsil sistemi daxilində gənclər arasında vətəndaş bacarıqlarını və vətəndaş məsuliyyəti hissini inkişaf etdirmək;
İkincisi, qeyri-rəsmi təhsil proqramları vasitəsi ilə gənclərin vətəndaş iştirakı üçün imkanlar yaratmaq, üçüncüsü, gənclərin vətəndaş iştirakı üçün əlverişli bir mühit yaratmaqdır”,- sənəddə vurğulanır.
ABŞ agentliyinə görə, bu fəaliyyət gənc kişilərdə və qadınlarda “demokratik cəmiyyətdə vətəndaşlar üçün lazımlı” məsuliyyət hissini aşılayacaq və Ermənistanda “demokratik qurumları dəstəkləməyə” yönəlmiş vətəndaş təşəbbüslərində fəal iştirak etmələrinə imkan yaradacaq.