Fransa Daxili İşlər Nazirliyi “Əl-Qaidə” terror təşkilatı tərəfindən yayımlanan bir videoda ölkənin regional rəhbərliklərini hədəf alacağı xəbərindən sonra hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, DİN regional rəhbərlikləri ehtimal olunan terror hücumuna qarşı diqqətli olmağa çağırıb.
DİN qubernatorluqlara göndərdiyi məktubda yay boyunca terror aktlarına qarşı ayıq olmalarını istəyib.
“Terror təhlükəsi hələ də davam edir. Qubernatorluqları yay boyunca yüksək hazırlıq vəziyyətində olmağa çağırdım”-, daxili işlər naziri Tvitter hesabında yazıb.
“Əl-Qaidə”yə aid olduğu bildirilən Teleqram sosial şəbəkəsindəki “Əs-Səhab” kanalında yayımlanan videoda Fransa Prezidenti Emmanuel Makron və bu ölkənin daxili işlər naziri Cerard Darmanin də hədələnib.