Dünyanın bir çox ölkəsi meşə yanğınları ilə mübarizə aparır.
Teleqraf.com xəbər verir ki, bu ölkələrdən biri meşə ərazilərinin təxminən 3.5 milyon hektarı yanaraq kül olan Rusiyadır.
Sibirdə son beş ildə daha tez-tez baş verən meşə yanğınları bu il də günlərlə davam edir. Rusiyanın meteorologiya qurumlarının rəsmiləri və ekoloqlar yanğınların artmasının iqlim böhranı və qeyri-kafi meşə xidmətlərindən qaynaqlandığını söyləyirlər.
Bu il Sibirdə baş verən yanğınlardan ən çox zərər çəkən bölgə Yakutiya oldu. Rusiyanın ən soyuq bölgəsi bu il həddindən artıq isti və quraqlıqla üzləşib. Rusiyanın meteorologiya institutu “Roshidromet” bölgədəki vəziyyətin getdikcə pisləşdiyini açıqlayıb. İnstitut 3.4 milyon hektar ərazinin yandığını bildirib.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Sibirdəki yanğınların tüstüsünün Şimal Qütbünə doğru getdiyini açıqlayıb. NASA bunu “tarixdə ilk” adlandırıb.