ABŞ-ın Texas əyalətinin Dallas bölgəsində koronavirusa yoluxma hallarının artması səbəbiylə uşaqlar üçün ayrılmış reanimasiya şöbəsində yer qalmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə bölgənin hakimi Klay Ceniks açıqlama yayıb.
O bildirib ki, yoluxma hallarının artmasına səbəb yanlış karantin tədbirləridir: “Yoluxma halları artdığı üçün başqa xəstəliyi olan uşaqlara diqqət ayrıla bilmir. Əgər uşağınız avtomobil qəzası keçirsə, anadangəlmə ürək xəstəliyi olsa və ya başqa bir səbəbdən reanimasiya şöbəsinə yerləşdirməli olsanız, müalicə üçün başqa bir uşağın ölməsini gözləməli və ya başqa şəhərdəki xəstəxanaya aparmalı olacaqsınız”.
Həftənin əvvəlində Texas Qubernatoru Abbott yataq tutumunu artırıb və xəstələrlə işləmək üçün 2 500 səhiyyə işçisi təyin edib. Son məlumatlara görə, Texasda 11 200-dən çox insan COVID-19 diaqnozu ilə xəstəxanada müalicə olunur. 30 milyona yaxın əhalisi olan əyalətdə boş reanimasiya çarpayılarının sayının 323 olduğu açıqlanıb.
Oxşar problem Floridada, Louisinada, Alabamada və Arkansasda əyalətlərində də müşahidə olunmaqdadır.