“Kabil hava limanı hazırda təhlükəsiz görünür, amma vəziyyət hər an dəyişə bilər və biz buna hazırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
“Kabil beynəlxalq hava limanı ilə bağlı mövqeyimiz və niyyətimizi əvvəldən bildirmişik. Buradakı məqsədimiz hər kəsə məlumdur. Məqsədimiz önəmli və zəruri hesab etdiyimiz Həmid Karzayi beynəlxalq hava limanının fasiləsiz olaraq fəaliyyətini təmin etmək və bütün Əfqanıstana xidmət etməkdir. Altı ildir etdiyimiz kimi, bu fəaliyyətləri qoruyub saxlayırıq”, - Akar bildirib.
Nazir iki gün əvvəl baş verən qarışıqlıq səbəbiylə hava limanının fəaliyyətinin bir müddət dayandırıldığını söyləyib:
“Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin digər ölkələrin hərbçiləri ilə birgə səyləri nəticəsində lazımi sakitlik təmin edilib. Təyyarələr hava limanından təhlükəsiz qalxa və enə bilir. Son iki gündə 62 uçuş həyata keçirilib. Orada heç bir problem yoxdur. Hava limanını təhlükəsiz şəkildə açıq saxlamağa və bütün Əfqanıstana xidmət etməyə çalışırıq”.
Hava limanındakı türk hərbi qüvvələrin durumu ilə bağlı Hulusi Akar bunları deyib:
“Hava limanına qarşı indiyə qədər heç bir hücum, təcavüz və ya müdaxilə olmayıb. Hava limanı hazırda təhlükəsiz görünür, amma vəziyyət hər an dəyişə bilər və biz buna hazırıq. Bizim üçün ən önəmlisi türk hərbi qüvvələrinin təhlükəsizliyidir. Onların təhlükəsizliyi üçün hər cür tədbiri almışıq və almağa da davam edirik.
Hərbçilərimizin həyatını hər hansı bir şəkildə təhlükəyə atmağımız mümkün deyil. Vəziyyətin hər an dəyişə biləcəyi düşüncəsinə əsaslanaraq hadisələri yaxından, həssaslıqla və böyük diqqətlə izləyirik. Fərqli gəlişmələr olarsa, lazım olan planlarımızı həyata keçirməyə hazırıq”.