Qazaxıstanın hüquq-mühafizə orqanları Yutubda “dil reydləri” adlandırılan videomaterialların yerləşdirilməsi səbəbindən etnik nifrətin qızışdırılması ilə bağlı cinayət işini araşdırır.
Bu barədə “RİA-Novosti”yə Qazaxıstan Baş Prokurorluğun cinayət araşdırması xidmətinin rəis əvəzi Tleu Janqaraşev bildirib.
“Yutub videohostinqində “Til Maidani onlayn partiyası” (“Dil cəbhəsi” onlayn partiyası) tərəfindən yerləşdirilən videomateriallarda milli ədavətin qızışdırılması əlamətləri faktı Almatı şəhər polis departamenti tərəfindən ibtidai istintaq çərçivəsində araşdırılır”, - deyə Baş Prokurorluğun nümayəndəsi bildirib.
O əlavə edib ki, istintaqın maraqları naminə məhkəməyə qədərki istintaq məlumatları açıqlana bilməz.
Cinayət işi “sosial, milli, irqi, sinfi və ya dini nifrətə təhrik” maddəsi ilə başlanıb. Bu hərəkətlər açıq şəkildə və ya media və ya internetdən istifadə edilərək edilibsə, aylıq əməkhaqının 2-7 min misli miqdarında cəriməni və ya iki ildən yeddi ilədək müddətə azadlığın məhdudlaşdırılmasını və ya azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan sakini Kuat Axmetov özünün Yutub kanalında mağaza və iaşə obyektləri işçilərinin ona və digər insanlara dövlət dilində xidmət göstərə bilməməsi səbəbindən yaranmış münaqişələri əks etdirən bir sıra videolar yayımlayıb.
Qazaxıstan Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev kanalın müəlliflərinin fəaliyyətini qınayıb və hüquq-mühafizə orqanlarının ona ədalətli hüquqi qiymət verəcəyinə əminliyini bildirib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi K.Axmetovun 50 il müddətinə Rusiyaya girişini qadağan edib. Qazaxıstan Daxili İşlər Nazirliyi videolara prosessual qiymət vermək üçün onları yoxladıqlarını açıqlayıb.