Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə Kiyevin mərkəzi Xreşatik küçəsində hərbi parad keçirilib.
Teleqraf.com xəbər verir ki, xarici ölkələrin rəsmilərinin də iştirak etdikləri hərbi parad Ukrayna bayrağının qaldırılması mərasimi ilə başlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski təbrik nitqində bildirib ki, Ukrayna min illik tarixə malik gənc ölkədir. Ukrayna tarixi və ölkənin özü bənzərsizdir.
Hərbi paradda 5 mindən artıq hərbçi, ağır texnika, hərbi helikopter və təyyarələr, yeni nəsil “An-70” təyyarəsi iştirak edib.
Bundan başqa, Ukraynanın və tərəfdaş dövlətlərin müasir silah, hərbi və xüsusi texnikasının nümunələri Kiyevin mərkəzi küçəsi ilə hərəkət edib. Xüsusilə, zirehli transportyorlar, taktiki döyüş maşınları “Ontsilla”, Ukrayna istehsalı olan “Kazak-2” və “Kazak-2M1” zirehli maşınları, bundan əlavə, “BARS-8” minaatan qurğuları, “Oplot” döyüş tankı, “GIATSINT-B” və 2A65 “MSTA-B” artilleriya haubitsaları, “Qrad” döyüş maşınları, “SAPSAN” əməliyyat-taktiki raket sistemi, JK-360MTs “Neptun” sahil raket sistemi, “BUK-M1” və “TOR” zenit qurğuları, xüsusi növ tanklar parad izləyicilərinin marağına səbəb olub.
Hərbi paradda, pilotsuz uçuş aparatları, həmçinin Türkiyə istehsalı olan “Bayraktar” da nümayiş etdirilib.
Paradın yekununda “MiQ-29” qırıcıları səmada Ukrayna bayrağının təsvirini yaradıb.