28 Avqust 2021 14:11
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının Əfqanıstanın Xorasan bölgəsindəki qolu (“Xorasan” qruplaşması) Kabildə ən az 170 nəfərin öldüyü, 150 ​​nəfərin yaralandığı qanlı hücumların məsuliyyətini üzərinə götürüb.

“Xorasan” 2014-cü ilin sonunda Əfqanıstanın şərqində üzə çıxıb. Təşkilat qısa müddətdə geniş sahədə fəaliyyət göstərməyə başlayıb. Narkotik və qaçaqmalçılıqla məşğul olan təşkilat Əfqanıstanda Taliban hərəkatı ilə Pakistan sərhədindəki əsas bölgələrə nəzarət etmək uğrunda üz-üzə gəlib.

İŞİD Talibanı universal İslam inancından çox dar etnik və millətçi bazadan legitimlik əldə etməkdə günahlandırıb. İki qruplaşma arasındakı düşmənçilik həm ideoloji fərqlərdən, həm də mövqelər uğrunda rəqabətdən qaynaqlanır. “Xorasan”ın əvvəlki lideri Əbdül Həsib 2017-ci ilin aprelində, sələfi Hafiz Sayid isə 2016-cı ilin avqustunda öldürülüb.

Taliban hədəfdədir

İŞİD 2015-ci ilin yanvarında Talibana qarşı müharibə elan edib. İŞİD-in iddia etdiyi ilk hücum 2015-ci ilin may ayında Taliban yaraqlılarının öldürüldüyü Nargarxar bölgəsindəki Kot şəhərinə hücum olub. Bundan sonra Talibanla əməkdaşlıq edən tayfalara qarşı qırğınlar həyata keçirib. Taliban isə İŞİD-in bölgələrdəki liderlərinin başlarını kəsərək edam edib.

Təşkilatın qurulduğu ilin sonunda Taliban 1000 nəfərdən ibarət xüsusi qüvvə yaradıb. Nangarxar, Fərəh, Helmand və Zabul kimi “Xorasan”ın mövcud olduğu vilayətlərə xüsusi təyinatlılar göndərilib. İllər ərzində onlarla Taliban və İŞİD üzvünün öldüyü qarşıdurmalar yaşanıb.

Vətəndaşlara hücumlar

BMT Təhlükəsizlik Şurasına təqdim edilən bir hesabata görə, yaraqlılarının sayı 500-lə bir neçə min arasında dəyişən təşkilat Əfqanıstan və Pakistanda son illərdəki ən qanlı hücumların məsuliyyətini üzərinə götürüb. 2019-cu ildə Əfqanıstan ordusu İŞİD-in məğlub olduğunu, amma bir sıra birliklərinin hücuma keçə biləcəyini açıqlayıb. Məscidlər, xəstəxanalar və ictimai yerlərdə onlarla dinc insanın həlak olduğu aktlar törədib.

Qruplaşma 2019 -cu ilin avqust ayında Kabildə bir toy mərasimində 91 nəfərin öldüyü hücumun məsuliyyətini də öz üzərinə götürüb. Məlumata görə, öldürülənlərin hamısı şiə olub. 2020-ci ilin may ayında Kabildəki bir doğum evini hədəf alan hücumda hamilə qadınlar və körpələr də daxil olmaqla 25 nəfər öldürülüb.

Başqa bir mənbənin iddiası

İŞİD bu il digər qanlı terror aktlarını da həyata keçirib. BMT-nin Əfqanıstandakı missiyasına görə, təkcə bu ilin ilk dörd ayında İŞİD-lə əlaqəli 77 hücum qeydə alınıb. Bunun ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox olduğu bildirilib. Başqa bir mənbə bu ilin 11 avqust tarixinə qədər 216 hücum edildiyini, keçən ilin eyni dövründə isə 34 aktın törədildiyini iddia edib.

Təşkilat İngiltərədə yerləşən “HALO Trust” minatəmizləmə təşkilatının işçilərini də hədəfə alıb. Hücum nəticəsində 10 nəfər həyatını itirib və “HALO Trust”un baş direktoru Taliban tərəfindən onlara kömək edildiyini və terrorçuları qovduqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər