“Qlobal miqyasda yollar və kommunikasiyalar uğrunda mübarizə başlayıb. Ermənistan bir neçə mərkəzin apardığı bu mübarizənin ortasında qalıb”.
Teleqraf.com xəbər verir ki, bunu erməni beynəlxalq təhlükəsizlik məsələləri üzrə mütəxəssis Armen Manvelyan deyib.
Onun sözlərinə görə, bölgədə - Ermənistan və Azərbaycan arasında sərhədlərin və kommunikasiyaların açılması yalnız 1980-ci illərin sovet xəritələri əsasında mümkündür.
“Bu o deməkdir ki, Gürcüstan və Ermənistanın cənubuna gedən yollar Azərbaycanın nəzarəti altında olacaq. Mehridə kommunikasiyalar artıq pozulub. Gorusdan Qafan və Mehriyə gedib görəcəksiniz ki, alternativ yol hazır deyil. Tiqranaşen yolu istifadəyə verilsə, bu, Vayots Dzora gedən əsas magistral yolun Azərbaycanın nəzarətinə keçəcəyi anlamına gələcək. Həmin durum Gürcüstana gedən yollarla bağlı da olacaq. Tavuş bölgəsindəki anklavlar (Qazaxın işğalda olan kəndləri) artıq mühasirədədir”, - ekspert vurğulayıb.
O, Azərbaycanın təzyiqlərlə Ermənistanı güzəşt və razılaşmalara məcbur etdiyini iddia edib.
Manvelyanın sözlərinə görə, indi Azərbaycan sərhədləri tanımaqdan və Ermənistanı Qarabağa olan iddiasından imtina etdirməsindən savayı başqa bir hədəfi də var - Zəngəzur dəhlizini açmaq: “Azərbaycan tərəfinin bütün mübarizəsi buna yönəlib”.
Ekspert Azərbaycanla yanaşı, Türkiyənin də əsas gündəminin Zəngəzur dəhlizi olduğunu bildirib: “Azərbaycan Ermənistandan fərqli olaraq, məqsədlərini, atdığı addımları və hesablamaları bilir. Azərbaycan gündəmi budur: iqtisadi baxımdan onlara sərfəli olan Zəngəzur dəhlizini açmaq vacibdir. Beləliklə Azərbaycan Mərkəzi Asiyadan daha çox mal tranziti həyata keçirə biləcək və bu, Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin bir hissəsi olacaq”.
Ekspert Çinin bu məsələlərin həllində Türkiyə və Azərbaycanı dəstəklədiyini söyləyib: “Qlobal miqyasda yol və kommunikasiyalar uğrunda mübarizə gedir. Çin üçün Qərbə mal tədarük edə bilməsi çox vacibdir, buna görə də Türkiyə-Azərbaycan tandeminin irəli sürdüyü hər hansı layihə Pekin üçün faydalıdır.
Burada ABŞ və Rusiyanın mövqeləri də çox önəmlidir. Əlbəttə, ABŞ baş verənlərdən faydalanır, çünki nəticədə Moskvanın bölgədəki təsiri zəifləyir. Vaşinqton Türkiyə vasitəsi ilə İrana təzyiqi artırmaq üçün Sünik (Zəngəzur) üzərində nəzarətini qurmağa çalışır. Amma Rusiya da yolların açılmasına qarşı deyil, çünki onun nəzarəti altındadır”.