10 Sentyabr 2021 14:04
14 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Belarus arasında inteqrasiya proseslərini daha da dərinləşdirmək üçün 28 proqram üzrə razılığa gəlinib. Bu, Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında baş tutan görüşdən sonra məlum olub. Aydın olub ki, iki dövlət arasında 28 proqramın hamısı əlaqələndirilir. Burada söhbət iqtisadiyyatın müxtəlif sahələrində Rusiya və Belarus qanunvericiliyini birləşdirməyə, iki ölkənin təsərrüfat subyektlərinin iş şəraitini düzəltməyə, ortaq maliyyə və enerji bazarları qurmağa yönəlmiş 28 sözdə birlik proqramlarından gedir. Nəqliyyat sahəsi, ortaq sənaye və kənd təsərrüfatı siyasətinin formalaşdırılması və həyata keçirilməsi də bura daxildir. İlkin məlumatlara görə, bu razılaşmalar Minskdə Birlik Dövlətinin Nazirlər Şurasının iclasında təsdiqlənəcək və Birlik Dövlətinin Ali Dövlət Şurasının təsdiqinə təqdim olunacaq.

Moskva və Minsk arasında belə razılaşmanın əldə edilməsi Rusiyanın SSRİ formatında hansısa birlik modeli yaratmaq və onu genişləndirmək niyyətindən xəbər verir.

Politoloq Cümşüd Nuriyev bu faktı Teleqraf.com-a şərh edərkən deyib ki, əslində Putinin planlarına görə, SSRİ 2024-cü ildə bərpa edilməli idi.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Britaniyanın Mİ6 və İsrailin Mossad kəşfiyyat xidmətlərinin verdiyi məlumatlara görə, Putin bu prosesi 2024-də həyata keçirməli idi:

“Ancaq Putin dünyada gedən prosesləri nəzərə alaraq bu layihəni bir qədər önə çəkib. Beynəlxalq mediada gedən analizlərə görə, bu layihə 2023-cü ildə başa çatdırılmalıdır. Putinin ilk olaraq Belarusu seçməsi də təsadüfi deyil. Ötən ilin avqustunda Belarusda keçirilən prezident seçkiləri zamanı xalqın Lukaşenkonu istəməməsi və Belarusda böyük askiyaların keçirilməsi Lukaşenkonu məcbur etdi ki Putinin şərtlərini qəbul etsin”.

Mütəxəssis qeyd edib ki, Rusiya və Belarus guya Avropa İttifaqı formatında birlik yaratmaq istəyir:

“Əslində konfederasiya deyil. Konfederasiya olanda orada iştirak edən bütün dövlətlər bərabər hüququlu olur. Amma federasiya olanda keçmiş SSRİ formatı olur. Dövlətin öz təhlükəsizliyini təmin etmək, xarici siyasət yürütmək, habelə iqtisadiyyat sahəsində plan qurması mümkün olmur. Belarusun buna getməsi anlaşılandır. Ancaq Ukrayna buna getmir və buna görə indiki duruma düşüb. Rusiya Moldovodan əlini çəkib, çünki birbaşa dövlət sərhədi yoxdur. Moldova bu oyundan kənar vəziyyətdədir. Gürcüstanda bu prosesdən çıxmaq imkanları var, amma Qara dənizdə imkanlarını genişləndirən Rusiya onun üçün problemlər yarada bilər. Ermənistanın da Rusiya ilə birbaşa sərhədi yoxdur, amma ruslar bilir ki, Ermənistan çox sürüşkən dövlətdir. Əlbəttə, son zamanlar Azərbaycana olan təzyiqlər də təsadüfi deyil. Qazaxıstana olan hücumların da arxasında bu məqam durur”.

Cümşüd Nuriyev sonda qeyd edib ki, bu, SSRİ-yə yaxın olan formasiyanın qurulmasının özüdür:

“Amma ruslar indi Əfqanıstandakı proseslərdən ciddi narahat olur. Görünən budur ki, Əfqanıstan Putinin bu planlarına maneə olacaq yeganə faktordur. Çünki, Tacikistan, Özbəkistan və Türkmənistan Əfqanıstan tərəfindən qarışdırıla bilər. Bu saat Moskva strateqlərinin əsas niyyətləri imperiyanı genişləndirməkdir”.


Müəllif: Nemət

Oxşar xəbərlər