20 Sentyabr 2021 22:14
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Əlcəzair Azadlıq müharibəsində fransız ordusu sıralarında öz xalqına qarşı döyüşən əlcəzairlilərə (Harki) olan vəfa borclarını ödəmədikləri üçün ölkəsi adından üzr istəyib.

Teleqraf.com xəbər verir ki, Makron Yelisey Sarayında təşkil edilən ziyafətdə harkiləri qəbul edib.

O, Əlcəzair Azadlıq müharibəsində Fransa ilə birlikdə döyüşənlərə minnətdarlığını bildirərək qeyd edib:

“Unutduğumuz və tərk etdiyimiz döyüşçülərdən və həbs edilmiş ailələrindən üzr istəyirəm”.

Makron Əlcəzairin Azadlıq müharibəsindən sonra Fransanın harkilərə, onların ailələrinə və övladlarına vəfa borcunu ödəyə bilmədiyini bildirib.

Bu il bir qanun qəbul edərək harkilərin tanınması və hüquqlarının verilməsini təmin edəcəyini qeyd edən Fransa lideri vurğulayıb:

“Harkilərin qüruru milli yaddaşa həkk olunmalıdır”.

Fransada 2003-cü ildən etibarən hər il sentyabrın 25-də Əlcəzair Azadlıq müharibəsi zamanı fransız ordusu ilə birlikdə döyüşən Harkilərin anım günü qeyd olunur.

1954-1962-ci illərdə Əlcəzairdə müharibə zamanı sayı 200 000-ə çatan harkilər Fransa ordusuna dəstək vermişdilər. Fransa üçün həyatını riskə atan yüz minlərlə Harkidən yalnız 42 mini fransız ordusu tərəfindən Fransaya köçürülüb. Təxminən 40 min harki qeyri-qanuni olaraq Fransaya qaçıb.

Təxminən 100 min Harki Əlcəzairdə qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər