Rusiyada keçirilən seçkilər bir sıra istiqamətlər baxımından diqqət çəkir.
Teleqraf.com xatırladır ki, bu seçkilərdə Rusiya Prezidenti Vladimir Putinin lideri olduğu Vahid Rusiya Partiyası səslərin 49,5 faizini əldə edərək iqtidarını qorumaq şansı əldə edib.
Diqqəti çəkən məqam isə bu seçkilərdə Kommunist Partiyasının səslərini 20 faizə qədər həddə çıxara bilməsi olub. Bu faktiki olaraq Rusiyanın ikinci ən güclü partiyası deməkdir. 2016-cı il seçkilərində kommunistlər cəmi 13 faiz səs toplaya bilmişdi. Ədalətli Rusiya 7,3, Liberal Demokrat Partiyası 7,5, Yeni İnsanlar Partiyası 5,4 faiz səs almaqla barajı keçə bilib.
Rusiyada 110 milyonluq seçicidən yalnız 45 faizi seçkilərdə iştirak edib. Putinin komandası 24 milyon səslə Dumada çoxluq əldə edib.
Bu seçkilərdə iqtidar partiyası öz müxalifətinə qarşı bütün imkanlarından istifadə edib. Məsələn, Aleksey Navalnı və tərəfdarları faktiki seçkilərə buraxılmayıb.
Liberal Yabloka partiyasından namizəd olan Boris Vişnevskinin başına gələnlərdən isə danışmağa dəyməz.
Sanktpeterburqda Boris Vişnevskinin namizəd olduğu ərazidə seçkiyə üç Boris Vişnevski buraxılıb. Bu rəqiblər seçki təbliğat materiallarında yalnız adlarını deyil, simalarını da əsl Vişnevskiyə bənzədərək sanki ekiz təəssüratını yaradıb. Amma buna rəğmən seçkilərdə əsl Vişnevski qələbə qazana bilib.