Avstraliya Baş naziri Skott Morrison BMT Baş Assambleyasının sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşmək fikrində olmadığını söyləyib.
Teleqraf.com xəbər verir ki, Morrison növbəti dəfə ölkəsinin Fransa ilə 90 milyard dollarlıq sualtı donanma qurma layihəsinin ləğv edilməsi ilə əlaqədar açıqlama verib.
Müqavilənin ləğv edilməsindən Fransanın məyus olmayacağını düşünməyin sadəlövhlük olduğunu, amma bunun Avstraliyanın milli maraqları naminə edildiyini deyib.
O qeyd edib ki, bütün ölkələr öz maraqlarına uyğun qərarlar qəbul etməlidirlər.
Makronla görüşmək planının olmadığını söyləyən Morrison vurğulayıb:
“Bunun üçün hazırda heç bir imkan yoxdur. Əminəm ki, bu fürsət zamanla gələcək. Ancaq bu anda onların məyusluğunu anlayıram və Parisə qayıdan səfirləri ilə məsləhətləşmələr aparırlar, səbirli olacağıq”.
Sentyabrın 16-da Avstraliya, ABŞ və İngiltərə tərəfindən imzalanan AUKUS adlı təhlükəsizlik müqaviləsindən sonra Avstraliya Fransa ilə 90 milyard dollarlıq sazişi ləğv edib. Fransa hər üç ölkəni xəyanətdə günahlandırıb.