Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri və Prezident Putinlə Soçidə keçirəcəyi müzakirələr öncəsi rus mediası İdlibə müdaxilə ediləcəyini iddia edir.
Teleqraf.com xatırladır ki, Suriyanın İdlib regionu hazırda Türkiyənin nəzarəti altındadır.
Qeyd edək ki, rus kəşfiyatına yaxınlığı ilə bilinən “Aviopro” saytına görə, Rusiya və Dəməşq rejimi qüvvələri İdlib bölgəsinə müdaxilə planını sentyabrın sonunda planlayır.
Xəbərdə Türk ordusunun nəzarətində olan bölgəyə müdaxilənin iki mərhələli olacağı önə sürülür. Bildirilir ki, İdlib əməliyatının birinci mərhələsində M4 quru yolu bütövlükdə təmizlənəcək. Həmçinin Türkiyə tərəfindən dəstəklənən silahlılar İdlibin şimalına sıxışdırılacaq.
İkinci mərhələdə döyüşçülərin dağlıq bölgələrə çəkilməsini təmin etdikdən sonra İdlib şəhərinə daxil olunacaq.
Qeyd edək ki, Prezident Ərdoğanın sentyabrın 29-da Soçidə Putinlə görüşü zamanı əsas müzakirə mövzusu Əfqanıstan, Qarabağ və Suriya olacağı gözlənilir.
Görüşdən öncə tərəflər əllərini güclü tutmaq üçün siyasi-təbliğat addımlara əl atılır. Əgər Rusiya İdlib məsələsini qabardırsa, Ankara Krım mövzusunu az qala dünya gündəminə çevirir. Beləliklə bütün diqqət indi Soçidə baş tutacaq Ərdoğan-Putin görüşünə fokuslaşır.