Argentinalı inqilabçı Ernesto Çe Gevaranın qatili kimi tanınan 80 yaşlı keçmiş CIA agenti Feliks Rodrigez 54 il sonra “Azadlıq” medalı ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, medal Rodrigezə Florida ştatının Respublikaçı qubernatoru Ron Desantis tərəfindən təqdim olunub.
Əslən kubalı olan Rodrigez 1961-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəyi ilə Fidel Kastro rejimini devirmək üçün Donuz körfəzi əməliyyatlarında iştirak edib.
80 yaşlı agent 1967-ci ildə CIA tərəfindən Boloviyada Çe Gevaranın izlənilməsi və tutularaq edam edilməsinə rəhbərlik edib. Çenin qətlindən məsuliyyət daşıyan Rodrigez inqilabdan sonra ABŞ-a köçən kubalılardandır.
CIA agenti İspaniyanın “El Pais” qəzetində verdiyi müsahibədə Çenin edam edilməsi əmrinin Boliviya ordusunun komandanlığı tərəfindən verildiyini iddia etmişdi. Rodrigez ABŞ hökumətinin Çenin edamın əleyhinə olduğunu və bunun əvəzində onu dindirmək üçün Panamaya aparılmasını istədiyini də demişdi.
Rodrigez Boliviya baş qərargah rəisi Ovando Kandiyanın Fidel Kastronun Çe Gevaranın öldürüldüyünə inanmadığını və sübut olaraq onun başını kəsmək istədiyini düşündüyünü də iddia etmişdi. Çeni “qatil” adlandıran Rodrigez bunun əvəzinə Çenin bir barmağının kəsilməsinin təklif olunduğunu, amma Kandiyanın Kuba inqilabçısının əlini kəsmək qərarına gəldiyini bildirmişdi.