28 Oktyabr 2021 10:00
4 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu ölkəsini “Suriyada insan haqları qanunlarına əməl etməyə” çağıran çinli həmkarının müavininə sərt cavab verib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyənin beynəlxalq hüquq və insan haqlarını pozanlardan dərs almayacağını deyib.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Fəratda suyun səviyyəsinin azalması və Allok su anbarındakı kəsintilərə görə Türkiyənin məsuliyyət daşıdığını bildirərək, bu ölkəni Suriyanın şimal-şərqini işğal etməkdə də günahlandırarıb.

Sinirlioğlu Şuanqın iddiasına belə cavab verib: “Beynəlxalq hüququ və insan haqlarını pozanlardan dərs almayacağıq”.

Allok su obyektindəki problemlərin səbəbinin BMT baş katibinin hesabatında yer aldığını xatırladan Sinirlioğlu PKK/YPG terror təşkilatı və Suriya rejiminin bu məsələdən öz gündəmləri üçün sui-istifadə etdiyinə diqqət çəkib.

PKK/YPG-nin sabitliyi pozan, mülki şəxslərə və Türkiyəyə hücum edən əsas faktor olduğunu bildirən diplomat iki həftə əvvəl Afrində həyata keçirilən terror aktı nəticəsində 6 mülki şəxsin həyatını itirdiyini deyib.

O bildirib ki, PKK/YPG terror təşkilatı suriyalı yezidilərin və kürdlərin də evlərinə qayıtmasının qarşısını alır.

PKK/YPG-nin hücumlarının təkcə Suriya ilə məhdudlaşmadığını vurğulayan Sinirlioğlu terror təşkilatının bu ölkədəki hərbi potensialından Türkiyəni hədəf almaq üçün istifadə etdiyini qeyd edib.

Çinin ötən həftə Türkiyə də daxil olmaqla 43 ölkənin Şərqi Türküstanda uyğur türklərinə qarşı insan haqları pozuntularından narahatlığının bildirildiyi birgə bəyanatından sonra BMT Təhlükəsizlik Şurasında Türkiyəni hədəf alan açıqlamaları ilə diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu