Gürcüstanda etiraz aksiyasının iştirakçıları keçmiş prezident Mixail Saakaşvilinin dəstəyi ilə dövlət qurumlarının binalarını tutmağa hazırlaşırlar.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) nümayəndəsi Baça Mqeladze çıxış edib.
O bildirib ki, dövlət çevrilişinə Gürcüstanın keçmiş lideri həbsxanadan rəhbərlik edəcək.
Gürcüstan DTX nümayəndəsinin dediyinə görə, şənbə günü, noyabrın 6-da ayrı-ayrı siyasi qruplar Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında fasiləsiz aksiyalar həyata keçirməyi planlaşdırırlar. Bu aksiyalarda Vahid Milli Hərəkat Partiyasının regionlardakı tərəfdarları iştirak edəcəklər. Oxşar etiraz aksiyası Tbilisidə də planlaşdırılır.
“Əməliyyat məlumatlarına görə, aksiyanın təşkilatçıları dövlət qurumlarını bloklamağı planlaşdırır. Məqsədi hakimiyyəti zorakılıqla devirmək olan bu aksiyaları məhkum edilmiş Mixail Saakaşvili həbsxanadan planlaşdırır”, - deyə o bildirib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Keçmiş prezidentə ölkədə 4 cinayət işi açılıb, artıq onlardan ikisi üzrə qərar elan olunub.