İsrail Baş naziri Naftali Bennett və Xarici işlər naziri Yair Lapid Türkiyədə saxlanılan israilli cütlüyün azad edilməsinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, Türkiyədə şübhəli davranışlarına görə saxlanılan israilli Mordi və Natali Oknin cütlüyü sərbəst buraxıldıqdan sonra ölkələrinə qayıdıblar.
İsrailin baş naziri və xarici işlər naziri adından verilən açıqlamada bildirilib:
“Türkiyə prezidenti və hökumətinə əməkdaşlığa görə təşəkkür edirik və cütlüyün evlərinə qayıtmasını səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, İsraildən olan cütlük bir neçə gün əvvəl İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin fotosunu çəkdikləri üçün casusluq şübhəsi ilə saxlanılmışdı.