Bu gün Tiflis şəhər məhkəməsində hakim qarşısına çıxan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində irəli sürülən ittihamlara cavab verərək, ictimaiyyətə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Saakaşvili Gürcüstana gələndə bir neçə gün insanlarla ünsiyyətdə olmaq imkanının olduğunu və onların çox ağır durumda yaşadıqlarını gördüyünü deyib.
“İlk növbədə küçədəki insanları və gürcü cəmiyyətini salamlamaq istəyirəm. Mən bir neçə gün Gürcüstanda sərbəst şəkildə dolaşdım, əsir götürülməmişdən əvvəl insanlarla ünsiyyət qurmaq imkanım oldu, gördüm ki, insanlar çox gərgindirlər, tutqundurlar, gülümsəmirlər, onlar çox bədbəxtdirlər”, - Saakaşvili bildirib.
Eks-prezident daha sonra əlavə edib:
“Əziz gürcü xalqı, sizdən soruşmaq istəyirəm ki, ölkə ilə fəxr etmək hissi, inkişaf və hərəkət sürəti, yenilik və bərpa, sevgi və ehtiras, qələbənin təntənəsi üçün darıxırsınızmı? Onda gəlin birlikdə indi baş verənləri bitirək”.
Saakaşvili həmçinin qeyd edib ki, onun həbsi bu işdə əli olan hər kəs üçün çox böyük biabırçılıqdır:
“Bu, ən böyük alçaqlıqdır. Bütün dünya heyrətlənir ki, mənim inşa etdiyim ölkədə sizinlə birlikdə addımlamaq və onu birlikdə inkişaf etdirmək əvəzinə, şüşə arxasından sizə müraciət edirəm. Mən Gürcüstanın çar Luarsabdan sonra ilk hökmdarıyam ki, həbs olunuram, o, 400 il əvvəl həbs edilmişdi”.
Qeyd edək ki, Kartli çarı II Luarsab XVII əsrin əvvəllərində yaşayıb. Səfəvi şahı I Abbas tərəfindən əsir götürülüb, yeddi il həbsdən sonra Şiraz yaxınlığındakı qalada ölüb. Gürcü Pravoslav Kilsəsinin müqəddəsləri arasında yer alır.