NATO-nun baş katibi Yens Stoltenberq Latviyanın paytaxtı Riqada keçirilən iki günlük NATO Xarici İşlər Nazirləri zirvəsinin sonunda mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyətinin müzakirə olunduğu iclasda Ukrayna və Gürcüstan xarici işlər nazirlərinin də iştirak etdiyini deyib.
“Biz regiondakı təhlükəsizlik vəziyyətini, Rusiyanın qonşularına qarşı aqressiv və sabitliyi pozan davranışlarını, Ukrayna və onun ətrafındakı hərbi istehkamlarını müzakirə etdik. Biz ayıq-sayıq olmalı və eskalasiyaya yol verməməliyik. Nazirlər açıq şəkildə bildirdilər ki, Rusiyanın gələcəkdəki hər hansı təcavüzünün əvəzi, siyasi və iqtisadi nəticələri olacaq”, - NATO baş katibi vurğulayıb.
Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaq istədiklərini xatırladan Stoltenberq söyləyib: “Hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə dəstəyimiz dəyişməzdir. İki ölkəyə dəstəyimizi artırma öhdəliyimiz davam edir”.
Stoltenberq qeyd edib ki, Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, buna cavab veriləcək:
“Rusiyanın müstəqil və suveren bir ölkəyə qarşı yenidən güc tətbiq edəcəyi təqdirdə qarşılaşacağı nəticələrlə bağlı geniş seçim imkanlarımız var. Bura siyasi məhdudiyyətlərlə yanaşı, iqtisadi və maliyyə sanksiyaları daxildir”.
Rusiyanın 2014-cü ildə Krımı qeyri-qanuni ilhaqından sonra NATO-nun Baltik bölgəsi və Qara dənizdəki hərbi varlığını artırdığını deyən Yens Stoltenberq Ukraynaya hərbi dəstəyi davam etdirəcəklərini bildirib.