Dünən Prezident Rəcəb Tayyib Ərdoğanla “SpaceX”in sahibi İlon Mask arasında keçirilən görüşdə Türkiyənin dövlət və özəl sektorları ilə sözügedən şirkət arasında müxtəlif, xüsusilə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, görüşlə bağlı bəzi detallar məlum olub.
Məlumata görə, görüş zamanı həmçinin elektriklə işləyən avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri ətrafında fikir mübadiləsi aparılıb, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.
Ərdoğanla yenidən görüşməyin onun şərəf olduğunu deyən Mask Türkiyəyə səfər etmək istədiyini də vurğulayıb.
“Türkiyə ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Sizinlə yenidən görüşmək istərdim. Türkiyə ilə birlikdə dünyada birinci olacaq bir çox layihələr həyata keçirəcəyik. Türkiyəyə səfərimi səbirsizliklə gözləyirəm”, - Mask görüşdə deyib.