İsrail xüsusi xidmət orqanının (Mossad) keçmiş rəhbəri Yossi Koen münasibətdə olduğu stüardessaya və onun ərinə dövlət sirlərini açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.
Romantik əlaqələr 2018-ci ilin sonlarında başlayıb və Koen məşuqəsi və ərinə Mossadın dünyanın ayrı-ayrı ölkələrində keçirdiyi əməliyyatlarının məxfi təfərrüatları ilə öyünməklə yanaşı, onlara gizli səfərləri haqda məlumat verib.
İsrailin paytaxtında tanınmış sima olduğu bildirilən və adı açıqlanmayan stüardessanın əri Qay Şiker telekanala deyib: “O, bir çox hadisə danışdı, o cümlədən Mossad haqqında. O, çox danışan adamdır. Bir dəfə dedi ki, Mossad məşhur ərəb liderinin həkimini izləyir”.
Şikerin sözlərinə görə, Koen idarəetmə sisteminin təfərrüatlarını da onlarla bölüşüb:
“Mossadın rəhbəri təyin olunduqdan sonra 10 gün ərzində 6 yüksək vəzifəli şəxsi sistemə sadiq olmadıqlarına görə işdən çıxarıb”.
Koen isə deyib ki, o, heç vaxt təhlükəsizlik sirlərini və ya açıqlamamalı olduğu hər hansı məlumatı kiminləsə bölüşməyib.
Şiker iddia edib ki, Koen həyat yoldaşına “mənim şahzadəm” və “gözəlim” deyən mesajlar göndərib.
“Kanal 13” iyun ayında məlumat yaymışdı ki, Koen məxfi məlumatları yaxın əlaqədə olduğu stüardessaya ötürməkdə şübhəli bilinir və baş prokuror Ədliyyə Nazirliyinə edilən şikayətə baxır.
Mossadın keçmiş rəhbəri ittihamları qəti şəkildə rədd edir.