Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul Şəhər Bələdiyyəsi ilə əlaqədar başlatdığı xüsusi yoxlamaya münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, MHP lideri xüsusi yoxlama çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılması ehtimalına da toxunub.
“Türkiyə hüquqi dövlətdir, qanunun aliliyi hər kəs üçün məcburidir. Heç kim qanundan azad deyil. İstanbul bələdiyyəsi ilə bağlı iddialar vahiməlidir. Daxili işlər nazirimiz qətiyyətlə danışır. Dağlardakı terrorun kökünü kəsmək iradəsi olanların dövlət qurumları və bələdiyyələrə sızan terrorla əlaqəsi olanlara səssiz qalacaqlarını düşünmək mümkün deyil. İstanbul bələdiyyəsində terror təşkilatlarına bağlı olanların nə işi var? Bu xəyanət heç bir qəlibə sığmayacaq qədər ciddidir”, - Bağçalı bildirib.
MHP lideri “Əkrəm İmamoğlunun vəzifədən uzaqlaşdırılmasını istəyirsiniz?” sualına belə cavab verib:
“Əgər günahkardırsa, təbii ki, işindən uzaqlaşdırılmalıdır və yeni bələdiyyə sədri seçməlidir. Bu, zarafat deyil. Əgər cinayət varsa, cəzası verilməlidir. İstanbula xidmət terror təşkilatlarına verilməyəcək. İstanbula xidmət xoşbəxtlikdir, dua bərəkətidir. Amma İstanbul bələdiyyəsinin başçısı siyasi ambisiyalarına boyun əydi”.
Bağçalı Əkrəm İmamoğlunun “gizli gündəm”inin olduğunu iddia edib.