Türkiyə müdafiə naziri Hulusi Akar ABŞ-dan tələb olunan “F-16” döyüş təyyarələri və Ankaraya satışına icazə verilməyən “F-35”-lərlə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “F-16” və “F-35” mövzularının bir-birindən tamamilə fərqli olduğunu deyən Akar “F-35” döyüş təyyarələri ilə bağlı növbəti görüşün Vaşinqtonda keçiriləcəyini deyib.
“Bunlar ayrı-ayrı məsələlərdir. Xarici hərbi satışlar çərçivəsində proseduru həyata keçirdik. “F-16”-larla bağlı lazımi məsləhətləşmələr apardıq və bu istiqamətdə işlər davam edir. “F-35” məsələsinə gəldikdə, ABŞ-dan olan nümayəndə heyəti oktyabrda Türkiyəyə gəlmişdi. Problemlər müzakirə olundu. Bu ayın əvvəlində nümayəndə heyətimiz ora gedəcək və bu barədə yenidən danışacaq. Yəqin ki, bu görüş Vaşinqtonda olacaq. Mövqeyimizi açıq şəkildə bildirmişik, nəticəsini gözləyirik”, - nazir vurğulayıb.
Hulusi Akar ABŞ-dan “F-35”-lərin alınması ehtimalı haqda bunu deyib: “F-35” təyyarəsinin alınması indi çox çətindir. Bu ehtimal bitdi. İndi bunun üçün ödənilmiş 1 milyard 400 milyon dolların necə və nə qədərinin qaytarılacağı vacibdir”.