Qazaxıstanda kütləvi etiraz aksiyaları və iğtişaşlar səbəbindən yanvarın 5-də ölkə daxilində elan edilən fövqəladə vəziyyət bu gün daha 4 bölgədə ləğv edilib.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan prezidentinin qərarı ilə Çimkənd, Türküstan, Karaqanda və Şərqi Qazaxıstan əyalətlərində fövqəladə vəziyyət rejiminə son qoyulub.
Qərbi Qazaxıstan, Pavlodar və Şimali Qazaxıstan əyalətlərində fövqəladə vəziyyət rejiminin başa çatdığı bundan əvvəl açıqlanmışdı.
Yanvarın 5-də təbii qazın qiymətlərinin artması ilə başlayan və sonra bütün ölkəyə yayılan və iğtişaşlara çevrilən etirazlar səbəbindən ölkənin 3 böyük şəhəri və 14 əyalətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı korpusunun yanvarın 6-da ölkəyə ezam olunmuş hərbçilərinin çıxarılması prosesi davam edir. Dünən Rusiya hərbçilərini, bu gün isə Belarus, Tacikistan və Ermənistan hərbçilərini daşıyan 10-dan çox təyyarə Almatı hava limanından ölkələrinə doğru havaya qalxıb.
Ölkədə həyat normallaşdığından əvvəllər fəaliyyəti dayandırılmış ikinci dərəcəli banklar və valyutadəyişmə məntəqələri açılıb. İnternetə giriş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Ticarət və əyləncə mərkəzləri, restoran və yeməkxanalar müştərilərinə xidmət göstərməyə başlayıb.
Hadisələrdən ən çox zərər çəkən Almatıda təmizlik və təmir işləri davam edir. Xüsusilə yandırılan və tamamilə yanan Almatı regional idarəçilik idarəsinin binasında bərpa işlərinə başlanılıb. Əvvəllər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınan Respublika meydanı yenidən nəqliyyatın hərəkətinə açılıb. Almatı hava limanında daxili reyslərə icazə verilib.
Olaylarda ən çox Almatıdakı iş yerləri, bank binaları və ticarət obyektləri zərər görüb. Ölkə iqtisadiyyatına dəymiş ziyanın 217.7 milyon dolları ötdüyü bildirilir.
Təhlükəsizlik qüvvələrinin “terror əməliyyatı” Almatı və Jambıl əyalətlərində davam edir. İndiyədək 10 mindən çox insan saxlanılıb. Hadisələrdə 164 nəfərin öldüyü barədə məlumat hələ də rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.