26 Yanvar 2022 12:32
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz Berlində bir araya gələrək Ukrayna mövzsunu müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin Ukrayna mövzusunda mövqeyini qətiləşdirmək baxımından bu görüş xüsusi əhəmiyyət kəsb edirdi.

Tərəflər görüşdükdən sonra Ukrayna sərhədində gərginliyin azaldılmasına dair birgə çağırış ediblər.

Prezident Makron deyib ki, onlar Rusiyanın gərginliyi azaltmasını gözləyir:

“Biz əvvəllər sovet ittifaqının tərkibində olan bir neçə suveren dövlətə qarşı sabitliyi pozan aktların çoxaldığını görürük. İndiki vəziyyət sabitləşməyib və bu, avropalıları narahat edir. Reaksiyamız vəziyyətin pisləşməsinə uyğun olaraq qiymətləndiriləcək”.

Rusiyaya xəbərdarlıq edən prezident Makron bildirib ki, Rusiya Ukraynaya hücum etsə, bunun əvəzini verəcək və bunun qiyməti çox yüksək olacaq: “Rusiya Qafqazda və başqa yerlərdə tarazlığı pozan gücə çevrilmək yolundadır”.

Makron bildirib ki, iki avropalı tərəfdaş kimi Almaniya və Fransa Ukraynada gərginliyin azaldılması zərurətində həmrəydirlər. Gərginliyin azaldılması üçün 4 əsas məqama diqqət çəkən Makron, bunların avropalıların və müttəfiqlərinin birliyi, Ukrayna ilə həmrəylik, müxtəlif dialoq formaları və Rusiya ilə müxtəlif formada dialoqların və ortaq reaksiyanının olmasını göstərib.

Rusiya ilə danışıqları "çox çətin"-adlandıran Makron cümə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını da açıqlayıb: “Ümumi vəziyyəti qiymətləndirəcəyik, bir neçə məqama aydınlıq gətirmək üçün dialoq aparacağam”.

Almaniya Kansleri Olaf Şolz Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təhdid etməsinin Moskva üçün ciddi nəticələrə səbəb olacağını deyib və əlavə edib ki, hücumun ciddi nəticələri olacağı ilə hamımız razıyıq. Ukrayna-Rusiya sərhədində çox çətin vəziyyətin olduğunu qeyd edən Şolz əlavə edib ki, orada çoxlu əsgər var və buna görə də proseslərin fərqli inkişaf etməsi üçün hər şeyin edilməsi lazımdır. Gərginliyin azaldılması üçün Rusiyanın aydın addımlar atmasını gözlədiklərini qeyd edən Şolz mövcud vəziyyətdən çıxmaq üçün dialoqun əhəmiyyətinə vurğu edib. Şolz Almaniyanın tarixi səbəblərdən ölümcül silahlar verməsə belə, Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb və Ukraynanın qaz tranzit ölkəsi olaraq qalması üçün çalışdıqlarını deyib.

Kansler Fransa, Almaniya, Ukrayna və Rusiyanın iştirak etdiyi Normandiya formatında davam edən danışıqları alqışlayıb və sabah Parisdə keçirilməsi planlaşdırılan görüşə işarə edərək, danışıqları dəstəkləyib.


Müəllif: Nemət