27 Yanvar 2022 21:14
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya arasındakı Ukrayna gərginliyi hər iki tərəfin maraqları kontekstində davam edir. Amma Vaşinqton Moskvanın təhlükəsizlik tələblərinə mənfi cavab verdi. Tam mətn ictimaiyyətə açıqlanmasa da Rusiyadan verilən cavablar göstərir ki, Moskva narazıdır və əks-həmlə edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ətrafı və Qara dənizdə qoşun yerləşdirməsi Qərbə “əzələ nümayiş”i olsa da nə taktiki, nə də strateji baxımdan hədəflərinə çatacaq:

“Qənaətimə görə, ABŞ-ın əsas planlarından biri Rusiyanı Donbasa hücuma sürükləməkdir. Amerika bundan sonra “ölümcül” sanksiyalara əl atmaqla, Rusiya daxilində Putinə qarşı etirazları qızışdırmaq niyyətindir. Bununla Putini Rusiyanın daxili problemlərinə sövq etmək istəyir. Moskva isə daxili problemləri “xarici düşmən”lə əvəz edə bilər. Bunun üçün Ukrayna ilə Donbasda münaqişəyə girmək ən yaxşı variantdır. Belə olan təqdirdə Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək. Ukraynanın geniş ərazilərini işğal etmək Putin hakimiyyətinin iflası demək olardı.

Rusiya ABŞ və NATO-dan Şərqi Avropa və post-sovet məkanını öz təsir dairəsinə almaq üçün yazılı təminat istəyir. Vaşinqtonun buna gedəcəyini düşünmürəm, çünki bu nüfuz məsələsidir. Amerika bunu etsə, Rusiyanın qarşısında məğlub duruma düşəcək və Qərbdə ona olan inamı azaldacaq”.

Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və Rusiya arasındakı mövcud siyasi böhran Cənubi Qafqaza da təsir edəcək:

“Azərbaycanın Rusiya ilə normal əlaqələrinə baxmayaraq, Kreml bizə də təzyiq edə bilər. Amma Türkiyə faktoru bu təzyiqləri neytrallaşdıracaq.

SSRİ dağıldıqdan sonra birqütblü siyasi nizam formalaşıb. Rusiya bununla barışmır. Hazırda yeni dünya nizamının formalaşması prosesi gedir. Rusiya Amerika ilə təsir zonalarının müəyyənləşdirilməsinə çalışır. ABŞ və müttəfiqləri isə Rusiyanı bu nizamın əks qütbündə görmək istəmir. Buna görə də, mübarizə hələ uzun zaman davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər