Rusiya öz qoşunlarını Ukrayna sərhədi yaxınlığında yerləşdirməyə davam edir. Bəzi ekspertlər Rusiyanın Ukraynanı işğal etmək üçün fevralın ortalarına qədər gözləyəcəyini, digərləri isə siyasi ab-havanın həlledici olacağını deyirlər.
Teleqraf.com xəbər verir ki, amerikalı mütəxəssislər Rusiyanın Ukraynanı işğal etmək üçün torpağın donmasını gözlədiyini iddia edirlər.
Ukrayna və Rusiya arasındakı gərginlik getdikcə böyüyür. Keçən ildən Ukrayna sərhədinə qoşun toplayan Rusiya keçirdiyi təlimlər və yayımladığı videolarla öz hərbi gücünü dünyaya nümayiş etdirir.
Ekspertlər iddia edirlər ki, Rusiya mümkün işğal cəhdi üçün münasib vaxtı gözləyir.
Bir çox ekspert və siyasətçi, o cümlədən ABŞ Prezidenti Co Baydenə görə, Rusiya fevralın ortalarını, torpağın donduğu vaxtı gözləyir. Bu gözləmə müddətinin səbəbi tankların palçığa ilişib qalma riskini aradan qaldırmaqdır.
Rusiyanın hərbi sahəsi üzrə ixtisaslaşmış siyasi tədqiqatçı Dara Massikot rus ordusunun istənilən hava şəraitində və bütün il boyu təlim keçdiyini deyib.
Massikotun fikrincə, texnoloji tərəqqi və coğrafi şəraitlə tanış olan rus hərbçiləri üçün vaxt və iqlim heç bir əhəmiyyət kəsb etmir. Bəzi ekspert və siyasətçilərə, o cümlədən Massikota görə, işğal üçün hava şəraitindən daha çox siyasi ab-havanın düzgün qiymətləndirilməsi vacibdir.